Əli Əhmədov: "Seçkilər bütün demokratik prinsiplərə əsaslanıb"

"Bəzi xırda nöqsanlar nəzərə alınmamaqla, seçki çox uğurla keçib və bütün demokratik prinsiplərə əsaslanıb".

 

APA TV-nin məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

 

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası seçkiyə 117 namizədlə qatılsa da, sonradan 2 nəfər namizədliyini geri görüb və 115 nəfərlə seçkidə iştirak edib. Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının seçkidə böyük nəticə ilə qələbə qazanmaq şansı çoxdur. Çünki  2010-cu ildəki seçkilərdə 71 yer əldə edib. Partiya sədri cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edib. Azərbaycan xalqının sosial rifahı gündən-günə artır. Bu da onu göstərir ki, xalqın bizim partiyaya etimadı güclüdür.

 

Əli Əhmədov bildirib ki, YAP yenə də parlamentdə ən çox yerə sahib olan partiya mövqeyini qoruyacaq. Onun fikrincə, sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video görüntülər ciddi araşdırılacaq: "Mərkəzi Seçki Komissiyası bu faktları araşdırmalı, həqiqətən burda pozuntu aşkar edilərsə, ölçü götürməlidir. Onu da deyə bilərəm ki, bu, rəqiblərimizin bizə qarşı düzəltdiyi görüntülər də ola bilər. Çünki Azərbaycanda "exit-poll"un ilkin nəticələrinə və öz müşahidəçilərimizin də bizə verdiyi məlumatlara görə, seçki olduqca şəffaf keçib, ciddi pozuntu qeydə alınmayıb. Hətta sosial şəbəkələrdə təqdim olunan görüntülərin özü də elə böyük miqyasda pozuntular deyil. Bütün hallarda belə faktlar varsa, araşdırılıb ölçü götürülməlidir”.

 

Müəllif | Apa.Tv