Türkiyə parlamentində azərbaycanlı millət vəkili: Nurəddin Aras deputat seçildi!
Türkiyə Böyük Millət Məclisində hakim partiyanın təmsil edən millət vəkilləri arasında azərbaycanlı da olacaq.
APA TV-nin məlumatına görə, AKP-nin İğdırdan birinci sıradan namizəd göstərdiyi sabiq bələdiyyə sədri Nurəddin Aras seçkilərdə 31,42 faiz səs toplayaraq millət vəkili seçilib.
Ötən seçkilərdə 11 min səs toplamış AKP-nin bu seçkilərdəki səs sayını üçqat artırmağa nail olan Nurəddin Aras nəticələr açıqlandıqdan sonra İğdır sakinlərinə müraciət edib. Həmyerlilərinə verdikləri dəstəyə görə təşəkkür edən sabiq bələdiyyə sədri bildirib ki, deputat olduğu müddətdə bütün enerjisini İğdırın rifahı üçün sərf edəcək.
Xatırladaq ki, 7 iyunda keçirilən seçkilərdə İğdırda hər iki millət vəkili mandatını HDP qazanmışdı. Bu seçkilərdə AKP və MHP-nin birinci sıradan namizədlərinin azərbaycanlı olması səslərin parçalanması təhlükəsi yaratsa da, Nurəddin Aras apardığı seçki kampaniyası ilə bu təhlükəni aradan qaldıraraq İğdırdan parlamentə azərbaycanlı millət vəkili göndərilməsini təmin edə bilib.
Əslən Azərbaycan türkü olan Nurəddin Arasın təşəbbüsü və dəstəyi ilə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa ölkələrində beynəlxalq konfranslar keçirilir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxan Nurəddin Aras İğdırın Azərbaycanla, xüsusilə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişlənməsində önəmli rol oynayıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.