Beyləqanda müəmmalı qətl: orta məktəb müəllimi öldürüldü, əri huşsuz tapıldı

Beyləqanda dəhşətli qətl hadisəsi baş verib. şəhərin Üzeyir Hacıbəyov küçəsində yaşayan 1958-ci il təvəllüdlü Səbahət Qəhrəman qızı Quliyevanın meyiti öz evində aşkarlanıb.

 

APA TV-nin xəbərinə görə, onun həyat yoldaşı Natiq Nadir oğlu Quliyev isə huşsuz vəziyyətdə tapılıb.

 

Uşaqları Bakı şəhərində yaşadıqları üçün Quliyevlər evdə tək olublar. Beyləqan şəhər 3 saylı orta məktəbində fizika müəllimi işləyən Səbahət Quliyeva seçki məntəqəsinə getmədiyi üçün məntəqə üzvləri və iş yoldaşları onun evinə gediblər. Onlar həmkarlarının qətlə yetirildiyini görüb, dərhal Beyləqan Rayon Polis Şöbəsinə xəbər veriblər. Müayinə üçün məhkəmə-tibb ekspertizasına aparılan qadının meyiti bu gün ailəsinə verilib və dəfn olunması üçün Ağdaş rayonuna aparılıb.

 

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında həkim nəzarətində olan Nadir Quliyevin səhhəti ilə bağlı açıqlama verilmir. Ailə üzvlərinin onunla görüşünə icazə verilmədiyi də bildirilir.

 

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində və Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv