İtaliyalı deputat: “Seçkidə iştirakımız Avropa Parlamentinin qətnaməsinə etirazdır”

“Seçkilər nizamlı şəkildə, yüksək səviyyədə təşkil olunmuşdu”. APA TV-nin xəbərinə görə, bunu İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib.

 

Onun sözlərinə görə, müşahidə zamani qanunların pozulması hallarına rast gəlməyiblər: "Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏTAvropa Şurası çərçivəsində bir çox ölkədə seçkiləri müşahidə etmişik. Əminliklə deyə bilərəm ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi başqa yerdə seçki keçirilməsini müşahidə etməmişəm”.

 

O qeyd edib ki, Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. "Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Həm dini, həm mədəni fundamentalizm bir sahələrdə problemlər yaradır. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır. Mən anlamıram ki, Avropa ParlamentiAvropa İttifaqı niyə Azərbaycana qarşı belə sərt mövqe tutub” - deyə, missiya rəhbəri əlavə edib.

 

O bildirib ki, Azərbaycanda stabillik, təhlükəsizlik hökm sürdüyü halda, Avropa Parlamentinin mövqeyi başadüşülən deyil: “Avropanın anti-Azərbaycan ritorikası düzgün deyil, paxıllıq var və əksər avropalı deputatlar kimi, bizim üçün də anlaşlan deyil”.

 

S.Divina Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, ABŞ, Rusiya və dünyadakı ermənilərin burada maraqları var. O, Avropanın Yaxın Şərqdəki hadisələrə münasibəti fonunda münaqişəyə münasibətini də ədalətsiz adlandırıb. Avropalı deputat təəssüflə onu da qeyd edib ki, Avropada antisemitizm baş qaldırıb və bu da nasizmə qayıdış deməkdir.

 

İtaliya müşahidə missiyasının üzvü Fiorella Provera isə özünü Azərbaycanın dostu hesab etdiyini bildirib: “Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana  ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Beynəlxalq ictimaiyyət isə əsasən Dağlı Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir”.

Müəllif | Apa.Tv
Apa.tv