Mərmərə Qrupu: "Biz sizdən nümunə götürürük"

Noyabrın 1-də Azərbaycanda parlament seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi mətbuat konfransı keçirib.

 

APA TV-nin xəbərinə görə, vəqfin sədri Akkan Suver bildirib ki, seçkini üç qrupa ayrılmaqla izləyiblər: “Bir qrup Xətai, Xəzər, Nizami və Yasamal rayonlarında, bir qrup Sumqayıtda, digər bir qrup isə Bakının müxtəlif məntəqələrində seçki prosesini izlədik. Səsvermə yüksək səviyyədə keçirildi”.

 
Mərmərə Qrupu İdarə Heyətinin üzvü Şamil Ayrım ATƏT DTİHB-nin Azərbaycana müşahidəçi göndərməməsini qınayıb: “Artıq 4-cü dəfədir ki, Azərbaycanda seçkiyə müşahidəçi qismində qatılıram. Azərbaycan bu seçkini də uğurla keçirdi. Azərbaycan həqiqətən regionda uğurla yol qət edir. İnanıram ki, Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək”. 

 
Mərmərə Qrupu İdarə Heyətinin üzvü Fatih Saraçoğlu qeyd edib ki, seçki mükəmməl təşkilatçılıqla keçirilib: “Müşahidəçi olduğumuz heç bir məntəqədə hər hansı gərginliyin şahidi olmadıq, problemlə üzləşmədik. Yüksək təşkilatçılığa görə Mərkəzi Seçki Komissiyasına və Azərbaycan xalqına təşəkkür edirəm. Təəssüf ki, dünən Türkiyədə seçki zamanı bəzi xoşagəlməz hadisələr yaşandı. Şükürlər olsun ki, Azərbaycanda belə hadisələr baş vermədi. Biz sizdən nümunə götürürük. Məsələn, bizdə yaşlı seçicilərin evdə səsvermə ənənəsi yoxdur. Baxın, dünən Türkiyədə yaşlı xəstəni təcili yardım maşınında səsverməyə aparırdılar. Sizi təbrik edirəm. Seçkilər Azərbaycan üçün xeyirli olsun”.

Müəllif | Apa.Tv
Apa.tv