AŞPA müşahidə missiyasının rəhbəri: “Seçki pozuntusunun şahidi olmamışıq”

"AŞPA müşahidə missiyası seçkiləri izləmək üçün Azərbaycan hakimiyyəti tərəfindən dəvət olunub. Missiya 28 nəfərdən ibarətdir. Müşahidəçilərimiz ölkənin bir neçə rayonunda və Bakıda olublar".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla deyib.

 

"Missiya Azәrbaycanın AŞ-yə üzvlüyü zamanı razılaşdırılmış vәzifәlәr vә öhdәlikәrini yerinә yetirmәsi üçün AŞPA-ya Azәrbaycan hakimiyyәti ilә әmәkdaşlığı davam etdirmәyi tövsiyә edir" – deyən Jordi Çukla bildirib ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib: "Seçkinin demokratik keçirilməsi üçün uyğun baza yaradılıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq”.

 

Seçki prosesinin media tərəfindən geniş işıqlandırıldığını deyən parlamentarın sözlərinə görə, səslərin sayılmasında müəyyən nöqsanlar olub: “Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib".

 

O, ATӘT DTİHB və ATӘT PA-nın Azərbaycana müşahidә missiyası göndәrilmәməsindәn tәəssüfləndiyini qeyd edib: "Lakin çoxsaylı müşahidәçilәr var idi. Seçici fәallığında әhәmiyyәtli artım olub. Seçkilər xalqın iradәsini tam ifadә edib".

 

Jordi Çukla gələcək seçkilərdə televiziya debatlarının olacağına da ümid etdiklərini deyib. 

Müəllif | Apa.Tv
Apa.tv