Türkiyənin sabiq millət vəkili Şamil Ayrım: “Avropa Parlamentini qınayıram”
"Azərbaycan bu seçkini də uğurla keçirdi. Artıq dördüncü dəfədir ki, Azərbaycandakı parlament seçkilərini müşahidə edirəm. Bundan əvvəl 3 seçkiyə qatılmışdıq. Bu seçkilərdə biz ildən-ilə proseslərin, texniki imkanların daha da təkmilləşdirildiyini görürük”. Bu açıqlamanı APA TV-yə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin üzvü, keçmiş millət vəkili Şamil Ayrım deyib: "Xüsusilə də bu dəfə seçkilərdə müşahidə kameralarının quraşdırılması, şəffaf seçki qutuları, seçkilərdəki nizam-intizam məni son dərəcə məmnun etdi. Çünki, seçkiyə gələn insanların sərbəst şəkildə öz iradəsini ifadə etməsi çox önəmli idi. Seçicilər siyahıda öz adlarını tapır, məntəqənin girişində hər kəsin əli xüsusi maye ilə işarələnir, onların şəxsiyyətləri dəqiqləşdirilir. Bundan sonra isə hər kəs səsvermə hüququndan hər hansı bir təsir olmadan istifadə edir. Mən vətəndaşların qüruru, şərəfi və ləyaqəti olan o müqəddəs səsvermə hüququndan istifadə etməsini təqdir edirəm. Bu halın demokratiya baxımından çox vacib olduğunu düşünürəm. Mən burada yaşlı, gənc demədən hər kəsin öz səsinə sahib çıxdığını gördüm. Bu, son dərəcə önəmlidir".
Şamil Ayrım həmçinin ATƏT DTİHB-nun Azərbaycana müşahidəçi göndərməməsini qınayıb.
"Seçicilərin seçkilərdə iştirakında ötən illərlə müqayisədə bu dəfə kifayət qədər artım olduğunu gördük. Bununla yanaşı, Avropa Parlamenti tərəfindən Azərbaycana müşahidəçi göndərmədiyini sizlərin vasitəsilə qınamaq istəyirəm. Son illərdə Avroviziya və Avropa oyunları kimi iki mühüm tədbirə hər hansı bir qüsur olmadan imza atmış bir ölkəyə qarşı edilən bu haqsızlığı qınayıram. Gəlsinlər, bu seçkiləri görsünlər. Azərbaycana əks fikirlə, əks düşüncə ilə yanaşmasınlar. Biz onların öz ölkələrində də bir sıra çatışmazlıqların olduğunu görürük. Xüsusilə də mənim ölkəm Türkiyənin Avropa Birliyinə qəbulu məsələsini illərdi ləngidirlər. Əlbəttə ki, Azərbaycan doğru yoldadır. Azərbaycan sabitlik yolundadır. Azərbaycan xalqı öz vəzifəsini yerinə yetirdi. Seçkiyə gedərək, öz millət vəkillərini seçdi. İndi isə növbə seçilən insanlarındır. Mənim seçilən insanlardan bir xahişim var ki, xalqdan qopmasınlar".