Məzahir Pənahov: "MSK məqsədinə çatmış hesab oluna bilər"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərin nəticələri ilə əlaqədar mətbuat konfransı keçirib.

 

APA TV-nin məlumatına görə, Məzahir Pənahov deyib ki, Azərbaycan üzrə 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən, yəni 5547 seçki məntəqəsindən daxil olan 2 milyon 894 min 515 seçki bülleteninin sayılması prosesi başa çatıb.

 

Onun sözlərinə görə, bu gün Mərkəzi Seçki Komissiyasına bir şikayət daxil olub və yaxın 3 gün ərzində daxil olan bütün şikayətlər araşdırılacaq: “Əgər şikayətlər əsaslı olarsa, məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Ləğv edilən seçki məntəqələrinin sayı kifayət qədər olduqda, seçki dairəsinin nəticələri ləğv olunacaq. Ancaq bununla demək istəmirəm ki, belə hal gözlənilir. Biz aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyıq, əməyimizin nəticəsini görürük”.

 

MSK sədri qeyd edib ki, Azərbaycan xalqı seçkilərdə kifayət qədər yetkinlik, müdriklik nümayiş etdirir, populist davranışları qəbul etmir: “Ona görə də Azərbaycanın gələcəyi üçün optimist olmamağa əsas yoxdur. Xalqın münasibəti bizim üçün ən ali qiymətdir, hər şeyin fövqündə dayanır. Azərbaycan xalqı keçirilən seçkilərdən razıdırsa, MSK məqsədinə çatmış hesab oluna bilər”.

Müəllif | Apa.Tv
Apa.tv