“Ceyşul-İslam” qadınlardan canlı qalxan düzəltdi - DƏHŞƏTLİ KADRLAR
“Ceyşul-İslam” təşkilatı Suriyada əsir götürdüyü hərbçiləri və ələviləri canlı qalxan olaraq istifadə edib.
APA TV-nin xəbərinə görə, Suriyada konstruktiv müxalifət olaraq qiymətləndirilən “Ceyşul-İslam” (İslam ordusu) təşkilatı paytaxt Dəməşqin şimal-şərqindəki Şərqi Qutada əsir götürdüyü Suriya əsgərlərini və mülki ələviləri qəfəsə qoyaraq, hökumətin hava hücumlarına qarşı istifadə etməsinin görüntülərini yayıb.
"Reuters"in xəbərinə görə, mərkəzi Londonda olan İnsan Haqlarının Müdafiəsi Təşkilatının rəhbəri Rami Abdulrəhman məsələ ilə bağlı açıqlamasında bildirib ki, "İslam Ordusu təşkilatı ailələri ilə birlikdə əsir götürdüyü hərbçiləri və girovları canlı qalxan olaraq istifadə edir".
Videodan qəfəsdəki insanların hökumət qüvvələrini Şərqi Qutaya hücumları dayandırmağa çağırdığı görünür. “Ceyşul-İslam” döyüşçüsü isə "bizim anamız sizin ananızdır. Əgər mənim anamı öldürmək istəyirsinizsə, onları da öldürəcəksiniz" - deyə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl yayılan videodan “Ceyşul-İslam”ın da İŞİD kimi məzhəbçi bir təşkilat olduğu görünür.