Goranboyda 23 yaşlı gənc keçmiş məhkuma cavab qaytardığı üçün öldürülüb - TƏFƏRRÜAT

Goranboyda qətl hadisəsi törədilib. APA-nın məlumatına görə, rayonun Nizami kənd sakini, 23 yaşlı Həsən Həsənov ürək nahiyəsindən bıçaqlanıb.

 

İlkin məlumata görə, Həsən Həsənovu Rəşad adlı həmkəndlisi bıçaqlayıb. Kənd sakinlərinin sözlərinə görə, qətli törədən Rəşad Babayev bir neçə il əvvəl məhkumluq həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra o, qisas məqsədilə kəndin sahə müvəkkilini döyüb. Bu yaxınlarda isə öz qardaşını da döydüyü üçün polis tərəfindən saxlanılıb. İki ay müddətinə saxlanılan Rəşad indi də qətl törədib.

 

Rəşad Babayevin daim sərxoş gəzdiyi və sakinləri narahat etdiyi bildirilir. Hadisə baş verən gün o, çayxanaya gəlib və oradakıları təhqir etməyə başlayıb. Mərhum Həsən Həsənov buna görə ona öz etirazını bildirəndə, sərxoş vəziyyətdə olan Rəşad onun ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib. Həsəni Gəncə Şəhər Xəstəxanasına çatdırmaq mümkün olmayıb, o, yolda keçinib. Rəşad Babayev saxlanılıb.

 

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv