Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. Azərbaycanın mədəniyyət və turizm naziri Əblüfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ü. Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışdı, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirdi.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbindəki rolundan danışdı.
Sonra Azərbaycan Dövlət Filarmoniyasının xor kollektivi Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirdi.
APA TV-nin məlumatına görə, bundan sonra İncəsənət Muzeyində güllələnmiş heykəllər ziyarət olundu. Nazir Əbülfəs Qarayev keçiriləcək tədbirlərlə bağlı məlumat verdi.
Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirildi. Tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirdi ki, Musiqi Günü ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən musiqi kollektivləri Azərbaycana gəlib.
Mərasimdə Dövlət Xor Kopellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri dahi bəstəkarın əsərlərini səsləndirdi.