Mikayıl Əliyev küçəsində təmir işləri davam edir
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan komleks tədbirlər çərçivəsində Nizami rayonu Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri davam etdirilir. Təmir-tikinti işləri küçənin Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşən hissəsində aparılır.
APA TV-nin xəbərinə görə, uzun müddətdir təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir.
Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 2 qat olmaqla küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bu səbəbdən sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılıb.
Təmir-tikinti işlərinin aparıldığı hissədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yeni yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, mövcud kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Küçə boyu hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkiləri qurulub, 2700 paqon metr yeni səki daşları düzülüb.
Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə “Azəryolservis” vətəndaşlardan üzr istəyir.