Xoşbəxt Yusifzadə: "Mənfəət neftinin həcmi ilbəil artır"

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan indiyədək 380 mln. ton neft, 714 mlrd. kubmetr qaz hasil edilib.

 

APA TV-nin məlumatına görə, bunu Bakıda keçirilən Neft-Qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

 

Onun sözlərinə görə, hazırda "Azəri-Çıraq-Günəşli" blokunda 85 işləyən quyudan gündə orta hesabla təxminən 87 min tondan artıq neft və 33 mln. kubmetrdən çox qaz hasil olunur. Bu ilin 10 ayı ərzində "Azəri-Çıraq-Günəşli" üzrə 26 mln. ton neft hasil edilib və bunun 17 mln. tonu, yəni 65 faizi Azərbaycanın mənfəət neftinin payına düşür. Yəni mənfəət neftinin həcmi ilbəil artır. Həmçinin bu ilin 10 ayında bu yataqlardan 10 mlrd. kubmetr qaz hasil edilib. 2060-cı ildə isə 700 mln. tondan artıq neft hasilatı nəzərdə tutulur ki, bu da neftvermə əmsalının 50 faizə çatdırılmasına imkan yaradır.

 

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən indiyədək 66 mlrd. kubmetr həcmində təbii qaz, 17 mln. ton kondensat hasil edilib. Hazırda "Şahdəniz" yatağında 7 işləyən quyudan gündə orta hesabla 29 mln. kubmetr qaz və 7 min ton kondensat hasil olunur.

 

Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov isə bildirib ki, "Cənub Qaz Dəhlizi" qarşıdakı 100 ildə Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Cənubi Xəzər hövzəsinin neft-qaz perspektivinin böyük olduğunu vurğulayıb.

 

Qeyd edək ki, II İllik Xəzər Texniki konfrans və sərgisi ilk dəfə Qazaxıstanın paytaxtı Astanada keçirilib. Konfrans 3 gün davam edəcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı