Bakıda "Formula 1" yarışlarının keçiriləcəyi ərazilər açıqlandı
Bu gün 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" yarışlarını işıqlandıracaq KİV nümayəndələri üçün seminar təşkil olunub.
APA TV-nin xəbərinə görə, "Baku Grand Pri" şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə departamentin rəhbəri Nigar Arpadarai bildirib ki, "Formula 1"-in keçiriləcəyi rəsmi tarix dekabr ayında bəlli olacaq: "İlkin təqvimə görə 19 iyun nəzərdə tutulub. "Formula 1" Avropa Qran-Pri-sidir. Biz artıq ciddi hazırlıqlara başlamışıq. Avropa Qran Pri-si 6 km-lik Bakı şəhər halqasında keçiriləcək. Bizim halqanın adı Bakı Şəhər Halqasıdır".
Nigar Arpadarainin sözlərinə görə, yarış üç əsas ərazidə keçiriləcək: "Bu zaman ərzində avtomobillər şəhərin üç simasını görə biləcəklər. Avtomobillər Hökumət Evinin qarşısından start zonasından hərəkət etməyə başlayacaq. Yeni tikililərin ətrafında, Xaqani küçəsinə çıxacaqlar və sonradan İçərişəhərin ətrafından dövr edərək Bulvar sahəsinə gələcək, yenidən finiş zonasına qayıdacaqlar. Bu da o deməkdir ki, şəhərin üç simasını göstərə biləcəyik - İçərişəhər, yeni tikililər və Bulvar zonası".
"Formula 1" dünyada ən çox izlənilən və TV auditoriyası olan yarışlardan biridir. 187 ölkədə yayımlanır və 500 milyondan auditoriyası var.
Nigar Arpadarai bildirib ki, əsas hazırlıqlar plana uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, bu yarışın keçirilməsi üçün bir çox işlərin görülməsinə ehtiyac var: "Formula 1"-in təqvimində Bakının adını görəndən sonra aktiv kommunikasiya başlayacağıq. Biletlərin satışı da o zamandan başlayaraq həyata keçiriləcək. Bir sıra hissələrdə tikinti işləri aparılacaq. Yeni asfalt qatının salınması nəzərdə tutulub. Bununla yanaşı, tribunaların, xüsusi təhlükəsizlik baryerinin quraşdırılması nəzərdə tutulub. Bütün bu işlər plana uyğun olaraq artıq gələn ildən başlayaraq görüləcək".
Sakinləri narahat edən məsələlərdən biri də İçərişəhər ətrafındakı daşların qorunması məsələsidir ki, Nigar Arpadarai bu məsələyə də aydınlıq gətirib: "İçərişəhər ətrafında olan o daşlı zonalarda daşların üzərinə xüsusi örtük qatı qurulacaq və o qatın üzərindən asfalt qatı salınacaq. Yarış bitəndən sonra o asfalt qatı götürüləcək və hər şey əvvəlki görünüşünə qayıdacaq. Həmin o daşlar heç bir halda zədələnməyəcək".
Jurnalistlər üçün akkreditasiyaların verilməsinə isə gələn ildən başlanacaq. Akkreditasiyalar iki növ olacaq - daimi və müvəqqəti. Daimi akkreditasiyalar beynəlxalq jurnalistlər üçün nəzərdə tutulub. Bundan başqa, akkreditasiyadan keçmək istəyən media mənsubları il ərzində "Formula 1" barədə materiallar dərc etməli, ictimaiyyəti məlumatlandırmalıdırlar.
Nigar Arpadarai əlavə edib ki, Bakı 2015 I Avropa Oyunlarından olduğu kimi, bu yarışda da könüllülər iştirak edəcək.