Prezident İlham Əliyev Zaqatalaya səfər edib

Noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonuna səfər edib.

 

APA TV-nin xəbərinə görə, dövlət başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verib.

 

Daha sonra dövlət başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Bu yol 12 yaşayış məntəqəsini birləşdirəcək və 15,6 min insanın rahatlığını təmin edəcək.

 

Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri, Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verilib.

 

Sonra dövlət başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

 

Azərbaycan prezidenti Zaqatalaya səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Qızılgül” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Daha sonra prezident İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı Mərkəzin binasının ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub və binanın rəmzi açılışını bildirən lenti kəsib.

 

Mərkəzin binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Ziyalı Tahir Məmmədov Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq edib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv
Apa.tv