Azərbaycan prezidenti Şəkidə bir sıra obyektlərin açılışında iştirak edib
Noyabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərini başa çatdıraraq Şəkiyə gəlib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Şəki şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan prezidentinə abidənin ucaldıldığı Heydər Əliyev Parkında aparılan abadlıq işləri barədə məlumat verib.
Daha sonra dövlət başçısı Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Prezidentə Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib və inşaatçılarla xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib. Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidenti Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində də iştirak edib. Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Kompleks təxminən 1 milyon 370 min əhaliyə xidmət göstərəcək. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və kompleksdə yaradılan şəraitlə tanış olub, məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşüb və mərasimdə çıxış edib. Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış ediblər.
Daha sonra Azərbaycan prezidenti Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının və Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında da iştirak edib.