Lerikdə 18 yaşlı oğlanı elektrik cərəyanı vurub öldürdü
Lerikdə 18 yaşlı oğlan bədbəxt hadisənin qurbanı olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Vizəzəmin ərazi vahidliyinin Cənginəvud kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Elmir İlqar oğlu Səfərov mal-qarasını örüşdən gətirərkən yüksək gərginlikli elektrik xəttindən ayrılan qığılcım onun üstünə düşüb. Nəticədə elektrik cərəyanı onu vurub. Hadisə şahidləri dərhal Elmir Səfərovu evinə çatdırıblar. Müvafiq tibbi yardımlara baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun əmisi Etibar Səfərov Elmir Səfərovun ölümünün səbəbini kəndin ərazisindən keçən yüksək gərginlikli elektrik xətlərinin çox aşağıda olması ilə əlaqələndirir: "Elektrik xətləri o qədər aşağıdan keçir ki, az qala adamın başına dəysin. Neçə dəfə bu barədə müvafiq qurumlara deyilsə də, heç bir tədbir görülməyib. Elektrik dirəkləri əyilib, xətlər isə yerə yapışıb. 1964-cü ildən çəkilən xətlərdir, belə də qalıb. Qışqırıq səsi eşitdim. Qışqırıqla "stolba"nın yanmağı bir oldu. "Stolba"nın başında qığılcım bir oldu. Bir də gördüm uşağı atıb, düz ordadır. Mən ora çatanda uşağın burnundan, ağzından köpük gəlirdi. Həkim də gəldi bura, artıq keçinmişdi uşaq".
Kənd sakinlərinin sözlərinə görə, analoji hadisə əvvəllər də bir neçə dəfə təkrar olunub. Amma xoşbəxtlikdən elektrik naqillərindən mal-heyvan tələf olub.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.