Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı darmadağın etdi 5-1 (QOLLAR)
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura yekun vurulub. APA TV-nin məlumatına görə, dörd qrupda ümumilikdə 8 qarşılaşmanın keçirildiyi gündə 1/8 finala yüksələn növbəti komandalar müəyyənləşib.
E qrupunda lider “Barselona” BATE-ni qəbul edib. Kataloniyalılar zəif rəqibini məğlub edərək (3:0), növbəti mərhələyə vəsiqə məsələsini böyük ölçüdə həll edib.
Sonuncu pillədə qərarlaşan “Roma” isə "Bayer"i məğlub edərək (3:2) ikinci pilləyə yüksəlib.
F qrupunda isə “Bavariya” Münhendə “Arsenal”ı darmadağın edib və 1/8 final şanslarını xeyli yaxşılaşdırıb. "Alyans Arena"dakı oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. "Bavariya"dan Tomas Müller iki dəfə, Robert Levandovski, David Alaba və Aryen Robben isə hərəyə bir dəfə fərqləniblər. Qonaq komandanın təsəlli qolunu Olivye Jiru vurub.
"Arsenal"da çıxış edən türk futbolçu Məsud Özil də bir dəfə topu "Bavariya"nın qapısından keçirib. Lakin hakim əllə oyunu əsas gətirərək, qolu hesaba almayıb.
Qrupun bu oyuna qədər 6 xala malik olan digər üzvü “Olimpiakos” isə Zaqreb “Dinamo”sunu məğlub edərək (2:1) "Bavariya" ilə birlikdə qrupdan çıxmağa ən real namizəd olub.
G qrupunun yeganə xalsız komandası “Makkabi” lider “Porto”ya uduzub (1:3). Portuqaliya klubu qələbə qazanaraq, növbəti mərhələ şansını xeyli artırıb. Cari mövsümün uğursuz komandası “Çelsi” isə Kiyev “Dinamo”sunu yenərək (2:1) qrupda ikinciliyə yüksəlib.
H qrupunda aşkar liderlər “Zenit” və “Valensiya” müvafiq olaraq, autsayderlər “Lion” və “Gent”lə oynayıblar. Ruslar səfərdə qələbə qazanaraq (0:2), növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. "Valensiya" isə Belçikada uduzaraq (0:1), vəsiqə arzularını təxirə salmalı olub.