Mahmud Məmmədquliyev İrəvana səfərindən danışdı

"Ermənistanda keçirilən “Şərq tərəfdaşlığı” ölkələri xaric işlər nazirlərinin qeyri-formal görüşü bizim üçün faydalı oldu".

 

APA TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirininin müavini Mahmud Məmmədquliyev Xəzər - Avropa İnteqrasiya İşgüzar Klubunda görüş zamanı jurnalistlərə dedi. Onun sözlərinə görə, Vilnüs sammiti çərçivəsində İrəvanda keçirilən son görüşdə əsas müzakirə mövzusu proqram çərçivəsində görülən işlər və qarşıdakı sammitdən gözləntilər olub.

 

Mahmud Məmmədquliyev Azərbaycanla Avropa Birliyi arasında nəqliyyat, kənd təsərrüfatı, təhsil, demokratiya və insan haqları sahələrində əməkdaşlığa dair sazişin də imzalanmaq üçün hazırlandığını söylədi.

 

O, Azərbaycanın Vilnüs sammiti ilə bağlı gözləntilərindən də danışdı.

 

Nazir müavini qeyd etdi ki, Ermənistandakı görüşün əsas müzakirə mövzularından biri bu ölkənin Gömrük İttifaqında qoşulmaq qərarı olub. Onun sözlərinə görə, Avropa İttifaqı bununla bağlı narazılığını bildirib. Belə ki, Vilnüs sammitində Ermənistanla assosiasiya və azad ticarət sazişinin imzalanması planlaşdırılırdı, lakin Ermənistanın məlum qərarı bunu mümkünsüz etdi. Aİ Ermənistanla hansı formatda əməkdaşlığın mümkün olduğunu nəzərdən keçirəcək. 

 

Nazir müavini bu il oktyabrın sonu-noyabrın əvvəlində Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun növbəti iclasının keçirləcəyini bildirdi.

Müəllif | Apa.Tv