Cəlilabadda torpaq sürüşməsi: 40-a yaxın yaşayış məntəqəsi ilə əlaqə kəsilə bilər
Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Pərdi kəndindən keçən hissəsində yenidən torpaq sürüşmələri baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, son günlərin intensiv yağıntıları zamanı dağlardan axıb gələn sel sularının yeraltı süxurlara dolması yol yatağının müəyyən hissəsinin yuyulmasına, bəzi ərazilərdə isə iri çatların əmələ gəlməsinə səbəb olub.
Mövcud vəziyyət çökmüş yolun ətrafındakı alternativ yolda da müşahidə olunur. Sakinlərin qənaətincə, yağıntıların yenidən başlayacağı təqdirdə, ərazidəki dağ yamacının tamamilə sürüşməsinə gətirib çıxara bilər. Belə olan halda isə 40-a yaxın ucqar yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər.
Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Rayonun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Xoşbəxtlikdən sürüşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib.