Tərtərin icra başçısı: "Ermənilər toy mərasiminə atəş açmadıqlarını iddia ediblər"
Bu gün ATƏT nümayəndələri cəbhə xəttində monitorinq keçirir. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qonaqlar öncə Tərtər Rayon İcra Hakimiyyətinə gedərək, icra başçısı ilə görüşüblər.
Görüş zamanı icra başçısı Nüstəqim Məmmədov ATƏT nümayəndələrinə cəbhəyanı yaşayış məntəqələri barədə məlumat verib.
Onun sözlərinə görə, sonuncu monitorinq sentyabrın 22-də keçirilib: "Həmin müddətdən bəri təmas xəttində, Tərtər ərazisində 2380 dəfə atəşkəs rejimi pozulub. Biz onların nəzərinə çatdırdıq ki, keçən müddət ərzində qarşı tərəfdən təmas xəttinə yaxın kəndlərdə əhalinin 280 hektara yaxın əkin sahəsi var ki, taxılını yığa bilməyiblər. Hazırda Qapanlı kəndində təmas xəttinə yaxın mövqedə iki ədəd su artezianımız var, onları təmir edə bilmirik ki, əhalinin su problemini həll edək. Hətta Qapanlıda olan hadisəni - toy mərasiminə atəş açılmasını da söylədik. Qarşı tərəf onlara demişdi ki, guya o, hərbi hissəyə yaxın yerdədir. Lakin biz faktlarla sübut elədik ki, bu, təmas xəttindən aralıda, kəndin mərkəzinə yaxın yerdə olan toy mərasimi idi. Hətta iriçaplı silahlardan atəş aşılmasını da diqqətə çatdırdıq. Həmişəki kimi, ikili standartlarla cavab verdilər".
Görüşdən sonra ATƏT nümayəndələri monitorinq keçirmək üçün cəbhə xəttinə yollanıblar. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycan torpaqlarında isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirirlər.