Azərbaycan prezidenti Gürcüstanda rəsmi səfərdədir
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedib.
APA TV-nin xəbərinə görə, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Dövlət başçısı ilk olaraq Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib və abidənin önünə əklil qoyub.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib. Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub. Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.