Qaxda suda boğulan uşağın meyiti tapıldı
Qaxda dünən axşam həyətlərindən axan dərin su arxına düşərək boğulan 1 yaş 9 aylıq uşaq bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bədbəxt hadisə rayonun Tanqıt kəndində baş verib. Həyətdə oynayan körpə Əskərova Ayşən Natiq qızı su arxına düşərək boğulub.
Ailə üzvlərinin dediyinə görə, noyabrın 4-də saat 16:00 radələrində həyətdə oynayarkən nəzarətsiz qalan Ayşən yuvarlanaraq arxa düşüb. Bir qədər sonra uşağın yoxa çıxmasından xəbər tutan ailə üzvləri onu axtarmağa başlayıb. Axtarışlar nəticə vermədiyindən, polisə müraciət edilib.
Dərhal arxın suyunu bağlayaraq axtarışlara başlanıb. Polis, prokurorluq, FHN-in əməkdaşları və kənd sakinlərinin köməyi ilə axtarılan körpənin cəsədi təqribən 20 saatdan sonra suya yıxıldığı yerdən bir qədər aralıda tapılıb.
Ekspertiza olunan cəsəd ailəsinə təhvil verilib.
Qeyd edək ki, bir qədər əvvəl həmin arxa qonşunun uşağı düşüb. Xoşbəxtlikdən yaxında olan ev sahibləri onu xilas ediblər. Boğulan Ayşənin isə 3 yaşlı qardaşı var.