Tiflisdə Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü keçirildi

Gürcüstan prezidentinin iqamətgahında bu ölkədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan prezidentini Gürcüstan prezidenti Giorgi Marqvelaşvili qarşılayıb.

 

Daha sonra iki ölkə prezidentlərinin təkbətək görüşü olub.

 

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Təkbətək görüşdən sonra Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü olub. Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr olub. 

 

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin Birgə Bəyannaməsi imzalanıb. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

 

Günün sonunda Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi ziyafət verilib.

 

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

 

Müəllif | Apa.Tv