Cəlilabadda ağır qəza: ölən və yaralananlar Fərhad Əliyevin yaxın qohumlarıdır

Cəlilabadda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 141-ci kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayonunun Alar kənd sakini, 1978-ci il təvəllüdlü Zaur Alxan oğlu Əliyevin idarə etdiyi "Toyota Prado" markalı, 60 NG 786 dövlət nömrə nişanlı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış avtomobildəki şəxsləri çıxarıblar.

 

Güclü zərbə nəticəsində sürücünün yanında olan qardaşı, 1975-ci il təvəllüdlü Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından təcili tibbi yardım maşınında Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada ölən və yaralanan şəxslər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin əmisi nəvələridir. 

 

 

Müəllif | Apa.Tv