DSMF Naftalanda “Açıq qapı günü” keçirdi

Dövlət Sosial Müdafiə Fondu (DSMF) noyabrın 6-da Naftalan şəhərində “Vətəndaş müraciətləri ilə iş” mövzusunda “Açıq qapı günü” - regional vətəndaş forumu keçirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirdə Naftalan şəhərindən və Goranboy, Xocalı, Tərtər, Bərdə rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.


Fondun şöbə müdiri Famil Qədimov suallara aydınlıq gətirərək qeyd edib ki, dövlət başçısının 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya əsasən, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir.

 

Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb. Famil Qədimov vətəndaşların müraciətlərinə elektron qaydada baxılmasının üç istiqamət üzrə - Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə reallaşdırıldığını diqqətə çatdırıb.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov