AMEA prezidenti: "İngilis dilini bilməyən adamlar elmdə addım ata bilməz"
"Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul və doktorluq imtahanları test texnologiyaları əsasında keçiriləcək. Heç kim şərtlərlə bağlı şikayət etməsin. İngilis dilini bilmək lazımdır. İngilis dilini bilməyən adamlar elmdə addım ata bilməz".
APA TV-nin xəbərinə görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, AMEA-da doktoranturaya qəbul olmaq istəyən gənclər ingilis dilini TOEFL səviyyəsində bilməlidir: "Gənclər elmə gələrək doktorant kimi inkişaf etmək istəyirsə ingilis dilini heç olmasa TOEFL səviyyəsində bilməlidir. İngilis dilini bilməyən gəncləri biz xarici ölkələrə praktikaya göndərə bilmirik. Gənc alimlərin keyfiyyəti yüksək olmalıdır".
Akademik qeyd edib ki, AMEA-nın poliklinikasının yaradılması ilə bağlı layihəyə Bakı Şəhər İcra Hakimiyyətində baxılır. Poliklinikanın tikintisi üçün yer ayrılmalıdır.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın 70 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib. AMEA prezidenti, akademik Akif Əlizadə media nümayəndələrinə 70 illik yubileyə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər haqda məlumat verib.