AMEA-nın Rəyasət Heyəti yeni binaya köçəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edib.

 

APA TV-nin məlumatına görə, Rəyasət Heyətinin iclasında çıxış edən AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, 2015-ci ilin mart ayında AMEA-nın yaranmasının 70 illiyi tamam olacaq. Prezident İlham Əliyevlə görüşündə bu barədə məlumat verdiyini deyən Akif Əlizadə qeyd edib ki, dövlət başçısı da akademiyanın yubileyinin 60 illik yubileyi kimi yüksək səviyyədə qeyd olunacağını deyib.

 

Yubileylə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər haqqında məlumat verən AMEA prezidenti akademiyanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi, “Azərbaycan Milli Ensiklopediyası”  Elmi Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın binalarının tikintisi,  AMEA “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün yeni binanın rekonstruksiya edilməsinin vacibliyini bildirib.  

 

70 illik yubiley ərəfəsində Rəyasət Heyətinin yeni binaya köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Rəyasət Heyətinin hazırda yerləşdiyi binanın əsaslı təmir edilməsi planlaşdırılır. Burada demək olar ki, qəzalı vəziyyət yaranıb.

 

Daha sonra yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə komissiya yaradılıb.

Bundan başqa, Rəyasət Heyətinin Mərkəzi aparatında struktur dəyişiklikləri və kadr islahatları aparılıb.

  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova