Rumıniyada ikinci müəmmalı partlayış - ETİRAZ AKSİYALARI GENİŞLƏNDİ
Rumıniyanın Braşov şəhərindəki çörək zavodunda partlayış baş verib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hadisə nəticəsində 6 nəfər yanıq xəsarətləri alıb, onlarla işçi dağıntılar altında qalıb.
Ölkənin səhiyyə naziri Rayed Ərafat xilasedicilərin dağıntıların arasında qalan insanları çıxarmağa çalışdığını bildirib. İlkin məlumatlara görə, dəyirmanın yerləşdiyi sexin binası tamamilə dağılıb.
Qeyd edək ki, partlayış yaxınlıqdakı stadionda futbol matçının keçirildiyi zaman baş verdiyindən, hadisə anı canlı olaraq görüntülənib.
Bu, Rumıniyada son bir həftə ərzində ikinci analoji hadisədir. Bir neçə gün öncə paytaxt Buxarestdəki gücə klublarının birində baş verən yanğında çoxlu insan həyatını itirib.
Paytaxtdakı hadisə hökumətdən onsuz da narazı olan şəxslərin aksiyalara başlamasına səbəb olub. Günlərdir davam edən aksiyalarda nümayişçilər baş nazir Viktor Pontanın rəhbərlik etdiyi kabinetin istefasına nail olublar.
Lakin buna baxmayaraq onlar sakitləşməyiblər. Cümə axşamı bir qrup nümayiş iştirakçısı tərəfindən Buxarestin mərkəzi küçəsi "Parlament buraxılsın!" tələbi ilə bağlanıb. Baş nazirin istefasından sonra prezident Klaus Yohannis hökümətə rəhbərlik funksiyasını müvəqqəti olaraq təhsil naziri Sorin Kımlyanuya həvalə edib.