Yevlax sakini anasını öldürüb ayaqyolunda basdırdı - CİNAYƏTİN ÜSTÜ AÇILDI
Yevlax rayonunun Aşağı Bucaq kəndində itkin düşmüş hesab olunan qadını oğlunun öldürdüyü məlum olub.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, anasını öldürüb tualet quyusunda basdıran oğul artıq əməlini etiraf edib.
Yevlax Rayon Polis Şöbəsindən bildirilib ki, Mingəçevir sakini, 37 yaşlı Musa Nəsirov anası Ofeliya Abdullayevanı ailə münaqişəsi zəminində qətlə yetirib. Sentyabr ayında qətlə yetirilən qadının yox çıxdığı barədə rayon Polis Şöbəsinə heç bir məlumat daxil olmayıb.
3 gün əvvəl Musa Nəsirovun döydüyü həyat yoldaşı Ülkər Nəsirova iki övladı ilə birlikdə Yevlax Rayon Polis şöbəsinə gələrək, ərindən şikayətçi olub. Şikayət ərizəsində qayınanasının iki aydır itkin düşdüyünü, onun şəxsiyyət vəsiqəsi ilə pensiya kartını isə ərində gördüyünü bildirib.
Aparılan araşdırma zamanı məlum olub ki, Musa anasını öldürdükdən sonra həyətdəki köhnə tualet quyusunda basdırıb.
Kənd sakinlərinin verdiyi məlumata görə, Ofeliya Abdullayeva birinci əri öldükdən sonra azyaşlı uşaqlarını qoyaraq, ikinci dəfə ailə qurub və rayondan gedib. İllər sonra ikinci əri də ölən qadın payına düşən mirası da götürərək, 2015-ci ilin avqust ayında birinci ərindən olan oğlunun evinə köçüb. Sentyabr ayında isə qətl hadisəsi baş verib.
Ofeliya Abdullayevanın hər iki ərindən 10 uşağı olsa da, onun yoxa çıxması barədə yaxınları polisə məlumat verməyib. Yevlax Rayon Polis Şöbəsi bunu ailələr arasında əlaqənin olmaması ilə izah edir.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində və Prokurorluğunda araşdırma aparılır.