Daha iki sərhəd zastavası istifadəyə verildi

Şəmkir Sərhəd Dəstəsinin iki sərhəd zastava kompleksi istifadəyə verilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bu gün Sərhəd Dəstəsinin «Burunqovaq» və «Qazangöl» sərhəd zastavası komplekslərinin açılışı olub.

 

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev iştirak edib. E.Quliyev çıxışında respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli sərhəd strategiyasının uğurlu realizə edilməsi, Azərbaycan sərhəd mühafizəsinə göstərilən xüsusi diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının xeyli möhkəmlənməsi, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılmasını qeyd edib və yeni istifadəyə verilən sərhəd zastavalarının bu ali diqqətin növbəti təzahürü olduğu vurğulayıb.

 

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev isə kənd sakinləri ilə sərhədçilər arasında yaxşı münasibətin olduğunu, daim sərhədçilərə dəstək verəcəklərini bildirib. Qeyd  edib ki, sərhədyanı kəndlərdə su problemləri artıq aradan qaldırılıb, gələn il isə yaşayış məntəqələri təbii qazla təmin ediləcək.

 

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif ediliblər.

 

General-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavası komplekslərində yaradılmış şəraitlə tanış olub və yerli sakinlərlə görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv