Azərbaycan prezidenti Qubaya səfər edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfər edib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edblər. APA TV-nin xəbərinə görə, rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib.

 

Sonra prezident və xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib. Bildirilib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.

 

Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, aşkarlanmış kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıbb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

 

Bildirilib ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunub. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Komplekslə tanışlıqdan sonra dövlət başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkiblər.

Müəllif | Apa.Tv