Azərbaycan prezidenti Eduard Şevardnadzenin məzarını ziyarət etdi
Azərbaycan prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.
APA TV-nin xəbərinə görə, dövlət başçısı əvvəlcə Eduard Şevardnadzenin və onun xanımının məzarları önünə gül dəstələri qoyub.
Daha sonra prezident İlham Əliyev Eduard Şevardnadzenin ailə üzvləri ilə görüşüb. Eduard Şevarnadze ilə bağlı xatirələrini bölüşən dövlət başçısı qeyd edib ki, onun xatirəsi Azərbaycanda daim böyük hörmətlə anılır.
Eduard Şevardnadzenin ailə üzvləri prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısının Eduard Şevardnadzenin xatirəsinə olan hörməti çox yüksək qiymətləndirilir. Bildirilib ki, Eduard Şevardnadze də daim ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına həmişə töhfə verməyə çalışıb.