Azərbaycan və Gürcüstan prezidentləri Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər

Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.

 

APA TV-nin xəbərinə görə, dövlət başçılarına məlumat verilib ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən “Çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub.

 

Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.

 

Qeyd edilib ki, layihə Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki “Muğam” restoranında milli mətbəximizin təamları təqdim edilir.

 

“Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra prezidentlər İlham Əliyev və Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər. Dövlət başçıları görüşdə çıxış ediblər.

 

Prezident İlham Əliyev bildirib ki, bu gün Gürcüstan və Azərbaycan - iki dost, qardaş ölkə birgə fəaliyyət göstərir, regionda mühüm layihələr icra edir: "Bizim əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və biz bundan sonra da əlaqələrin inkişafı üçün əlimizdən gələni edəcəyik".

 

Azərbaycan və Gürcüstan prezidentləri Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə də tanış olublar.

Müəllif | Apa.Tv
Apa.tv