Polisin aylarla axtardığı qadın - BAKIDA TAPILDI
Yasamal rayonunda mənzillərdən silsilə oğurluqlar etmiş qadın tutulub.
APA TV-nin məlumatına görə, 2-ci Alatava qəsəbəsindəki 108 saylı evdə yaşayan Xalid Babacan oğlu Ağayev 25.10.2015-ci ildə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gecə naməlum şəxslərin gecə gizli yolla yaşadığı evə daxil olmaqla xeyli miqdarda pul və zinət əşyalarını oğurladığını bildirib.
29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini, 1991-ci il təvəllüdlü Musayeva İranə Məmməd qızı saxlanılaraq Yasamal RPİ-nə təqdim edilib.
Müstəntiq Xaqani Cəfərovun sözlərinə görə, saxlanılan zaman onun üzərindən həmin evdən oğurladığı əşyalar aşkar edilərək götürülüb: "Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin şəxs Bakı şəhərinin Yasamal rayonu ərazisində 20-yə yaxın evə qanunsuz daxil olmaqla vətəndaşlara məxsus əmlakı gizli yolla talayıb".
İranə Musayevanın Bakının Yasamal və digər rayonlarında başqa cinayətlər törədib-törətmədiyinin aydınlaşdırılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.