Rusiya Misirə təyyarə uçuşlarını dayandırdı

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinə (Rosaviasiya) Misirə təyyarə reyslərini dayandırmaq tapşırılıb.

 

APA TV-nin xəbərinə görə, Nəqliyyat Nazirliyindən verilən tapşırıqda bildirilir ki, xüsusi göstərişə qədər Misirə uçuşlar dayandırılsın. Təyyarə reyslərinin Misirin hava limanlarında aviasiya təhlükəsizliyinin beynəlxalq tələblərə uyğun qurulmasından sonra bərpa olunacağı gözlənilir.

 

Bunun ardınca "Aeroflot" şirkəti Misirin paytaxrı Qahirəyə boş təyyarə göndərib. Təyyarə Misirdə qalan Rusiya vətəndaşlarını geri qaytarmalıdır.

 

Rusiyanın əksər hava yolları şirkətləri ötən axşamdan Misirə reyslərin ləğv edildiyini elan ediblər. Onların arasında təyyarəsi Misirdə qəzaya uğrayan "Koqalımavia" şirkəti də var. Şirkətdən bildirilib ki, Milli Antiterror Komitəsi yerli vaxtla saat 20.00-dan etibarən Misirə uçuşların dayandırılmasını tələb edib. Qadağa sərnişinlərin Misirdən gətirilməsi üçün uçan təyyarələrə aid deyil.

 

Misirdəki Rusiya vətəndaşlarına isə xəbərdarlıq edilib ki, təyyarə ilə yalnız əl yükü gətirə bilərlər.

 

Rusiya hökuməti Misirə uçuşların dayandırılması nəticəsində hava yolları şirkətlərinin əlavə xərclərinin büdcədən ödənilməsi məsələsinə baxır. Bunu baş nazirin müavini Arkadi Dvorkoviç bildirib.

 

Misirə uçuşların kütləvi ləğvi nəticəsində Moskvanın hava limanlarında basabas yaranıb, bir neçə nəfər tibbi yardım üçün müraciət edib.

 

Xatırladaq ki, oktyabrım 31-də Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus" təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarədəki 217 sərnişin və 7 heyət üzvü həlak olub. 

Müəllif | Apa.Tv