Mübariz Qurbanlı: "Azərbaycandan Suriyaya döyüşməyə gedənlərin sayı minimuma enib"

"Azərbaycanda din pərdəsi altında gizlənən qruplar var. Onlar din adı altında öz məqsədlərinə çatmağa cəhd göstərir". Bunu APA TV-yə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Onun sözlərinə görə, müxtəlif radikal-ekstremist dini qrupların Azərbaycanın ictimai-siyasi həyatında yeri və dayaqları yoxdur. Burada dini radikal qrupların apardığı təbliğat onların istədiyi nəticəni vermir. Ona görə vermir ki, Azərbaycan xalqı ənənəvi islami dəyərlərə və qaydalara əməl edir: "Biz Komitə olaraq, bu sahədə geniş maarifləndirmə işləri aparırıq. Tədbirlər, konfranslar, seminar-treninqlər, dəyirmi masalar və s. görüşlər keçirir, kitablar nəşr edirik. Xüsusilə gənclərin maarifləndirilməsi sahəsində geniş iş aparırıq. Televiziyalar, mətbuat, o cümlədən Dövlət Komitəsinin qəzeti, jurnalı  və saytı vasitəsilə təbliğat işi aparılır. Bu işlər müəyyən nəticələr verir. Təbliğat işində biz Qafqaz Müsəlmanları İdarəsi ilə eyni istiqamətdə fəaliyyət göstəririk. Burada heç bir fikir ayrılığı yoxdur. Dini ekstremizm və radikalizmə qarşı mübarizədə dövlətlə dini qurumlar birgədir".

 

Mübariz Qurbanlının sözlərinə görə, din pərdəsi altında müəyyən qrup insanların dini inancından istifadəyə cəhd ediblər: "Xurafat və dini radikalizm o yerdə baş qaldırır ki, burda ilk olaraq sosial vəziyyət həddindən artıq ağır olur. Bu zaman din sosial müdafiə rolunda çıxış edir, ayrı-ayrı qruplar isə yaranmış vəziyyətdə şirnikləndirici təkliflərdən istifadə edib insanları öz təsiri altına salmaq istəyir. Dini radikalizm yalnız İslama xas olan məsələ deyil. Bu, həmçinin xristianlıqda, buddizmdə və yəhudi dinində var. Hər bir dinin içərisində olan radikal qruplar öz coğrafiyasını genişləndirməyə çalışır. İslam dini altında pərdələnərək yaradılmış radikal qruplar çalışırlar ki, bunu bütün İslam dünyasına yaysınlar. Biz bu gün bu məqsədlə yaradılan qrupların silaha sarıldığını görməkdəyik".

 

Maarifləndirmə işləri aparılmasına baxmayaraq, Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə bağlı mütəmadi xəbərlər yayıldığına diqqət çəkən komitə sədri qeyd edib ki, son vaxtlar Suriyada, İŞİD-in tərkibində vuruşmağa gedənlərin sayı minimuma enib. Son 6-7 ay ərzində bir nəfər Azərbaycan vətəndaşının da Suriyaya döyüşlərə getməsi faktı qeydə alınmayıb.

 

Mübariz Qurbanlı əlavə edib ki, Azərbaycanda radikal dini qrupların ifşası istiqamətində çox böyük işlər görülüb və görülməkdədir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı