Cəlilabadda e.ə. I minilliyə aid maddi-mədəniyyət nümunələri tapıldı
Cəlilabadda eramızdan əvvəl I minilliyə aid edilən maddi-mədəniyyət nümunələri aşkarlanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Xanəgah kənd sakinləri fərdi təsərrüfatlarında şum apararkən traktorun kotanı qədim məişət və əmək alətlərinə ilişib. Bu zaman torpaq qatının altından xeyli sayda ev təsərrüfatında işlədilən saxsı və digər məişət məmulatları üzə çıxıb.
Xanəgah kənd orta məktəbinin tarix müəllimi Rza Rzayevin sözlərinə görə, tapıntı ərazidə qədim yaşayış məskəninin mövcudluğunu və özünəməxsus mədəniyyətə sahib olan böyük bir tayfanın yaşadığını deməyə əsas verir. Tapılan əşyalar eramızdan əvvəl I minilliyin sonunda Xudutəpə yaşayış məskənində müxtəlif dini inanclı insanların toplum şəklində yaşamasına dəlalət edir: "Tapılan əşyalar sübut edir ki, burada yaşayan tayfa heç də geridə qalmayıb. Buradakı oturaq həyat keçirən insanlar çox yüksək mədəniyyətə malik olublar. Polixrom saxsı qablar çox güman ki, yaxınlıqdakı şəhərdə istehsal olunub. Burada yaşayan tayfanın belə qablar hazırlaması mümkünsüzdür. Çünki qabda işlədilmiş rənglərin xüsusi hazırlanma qaydası var".
Bundan başqa, ərazidə 5 kiloqramlıq yumru daş da tapılıb. Tarix müəlliminin qənaətincə, bu daş düşmənlər tərəfindən əraziyə hücum zamanı mancanaqla atılıb. Belə ki, dəniz səviyyəsindən 700-800 metr yüksəklikdə yerləşən, ətrafı təpə və çaylarla əhatələnən yaşayış məskəninə yadellilər tərəfindən həmişə hücumlar edilib. Yaşayış məskəninin həmçinin bir vaxtlar Şəhriyar düzündə Şilvəngə ətrafında mövcud olan Muğanna şəhərinin də olduğu ehtimal edilir.
Qeyd edək ki, Xudutəpə yaşayış məskəni orta tunc dövrünə aiddir.