Barda yanaraq ölənlərin sayı artır - Türkiyəli tələbə öldü
Bir neçə gün əvvəl Rumıniya paytaxtı Buxarestdəki barda baş verən güclü yanğında ölənlərin sayı 43-ə çatıb. APA TV "Cihan" xəbər agentliyinə istinadən xəbər verir ki, yanğında ağır xəsarət alan türkiyəli tələbə Ayberk Mancı bir həftə davam edən tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Türkiyənin Buxarestdəki səfiri Koray Ertaş bildirib ki, Ayberk Mancı "Erasmus" proqramı çərçivəsində Rumıniyaya gəlibmiş və 3-cü kurs tələbəsi imiş.
Hazırda yanğında xəsarət almış 107 nəfərin müalicəsi davam etdirilir. Onlardan 45-nin vəziyyəti kritik olaraq qalır.
Məlum hadisə Rumıniyadakı siyasi durumu da kökündən dəyişib. Faciədən dərhal sonra küçələrə çıxan minlərlə rumıniyalının tələbi ilə hökumət başçısı Viktor Ponta istefa verib. Prokurorluğun başladığı cinayət işi çərçivəsində Buxarestin 4-cü bölgə bələdiyyə sədri Cristian Popesku artıq həbs edilib.
Yanğında ağır xəsarət almış bəzi şəxslər isə digər Avropa ölkələrinə göndərilib. Bir çox ölkələr isə öz tibb mütəxəssislərini bu ölkəyə yollamaqla dəstək veriblər.