Sosial müavinətlər məsələsi Milli Məclisdə
Milli Məclisinin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA TV-nin məlumatına görə, layihə barədə Milli Məclis aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verib. Dəyişikliyə əsasən, əsasən müavinətlər tam olaraq ödəniləcək. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Yeni maddəyə edilən digər yenilik isə ondan ibarətdir ki, sosial xidmət müəssisəsində yaşayan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən, çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayədarlarına ödənilir. Sonda layihə səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə olunub.