ABŞ Avropada hərbi kontingentini iki dəfə artıracaq - SƏBƏB
Pentaqon ABŞ-ın Avropada hərbi kontingentinin sayının iki dəfə artırılmasında israrlıdır. APA TV-nin "RBK"ya istinadən verdiyi məlumata görə, NATO-nun Avropadakı hərbi komandanlığının generalı Filip Bridlava bu barədə yaxın günlərdə qərar veriləcəyini bildirib.
ABŞ Müdafiə Nazirliyi bu addımı Rusiyanın regionda hərbi gücünü açıq şəkildə nümayiş etdirməsi və alyansa üzv olan qitə dövlətlərinin təhlükəsizliyi baxımından vacib sayır.
Məsələ ötən şənbə və bazar günü Kaliforniyada keçirilən milli hərbi forumda gündəmə gətirilib.
ABŞ hərbi qüvvələrinin baş qərargah rəisi Mark Milli forumdakı çıxışında Moskvanın hər hansı bir hərbi hərəkətinə cavab vermək üçün regionda ABŞ hərbçilərinin hazırlıqlı olduğunu qeyd edib. Buna baxmayaraq o, general Bridlavanın təklifini də dəstəkləyib.
"Bu addım Avropada baş verə biləcək istənilən yeni münaqişənin qarşısını alacaq", - deyə o əlavə edib.
Avropada ABŞ hərbi kontingentinin artrılması planı Pentaqon tərəfindən hazırlanacaq və daha sonra təsdiq olunmaq üçün Obama administrasiyasına və Konqresə təqdim ediləcək. Bundan əlavə Müdafiə Nazirliyi hərbi büdcənin artırılmasında da israrlıdırlar.