AMEA-nın 70 illiyinə həsr olunan yubiley keçirilib
"Bu il respublikanın ali elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 ili tamam olur. Bu illər ərzində ölkənin bütün elmi potensialını özündə cəmləyən AMEA şərəfli tarixi yol keçib, Azərbaycan elminin inkişafında böyük rol oynayan neçə-neçə alim və tədqiqatçılar yetişdirib, mühüm elmi nailiyyətlərə imza atıb".
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq da akademik Akif Əlizadə deyib.
Qeyd olunub ki, AMEA 70 ildə Azərbaycan elminə mühüm töhfələr verib. Bu elm məbədi ölkəmizin sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında həmişə yaxından iştirak edib.
AMEA-nın yaradılması ölkəmizin elm tarixinə şərəf gətirən hadisə olduğu vurğulanıb.
Daha sonra çıxış edənlər akademiyanın dövlətçiliyin möhkəmləndirilməsində rolundan və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən bəhs edib.
AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik İsa Həbibbəyli Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elmi müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının 70 il ərzində keçdiyi tarixi yolundan, inkişafından və əldə etdiyi uğurlardan ətraflı danışıb.
Tədbirdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edib.
Tədbirin sonunda AMEA-nın 70 il ərzində keçdiyi tarixi yolu, fəaliyyətini əks etdirən film nümayiş olunub.