Quldurluq törətmiş Şəmkir sakini: “Oğurladığımız qızılı bir nəfər əlimizdən alıb qaçdı”
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Könül Şəmmədovaya məxsus mənzildən xeyli miqdarda qiymətli əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - 31 yaşlı Ramil Haqverdiyev və 21 yaşlı Firdovsi Kərimov saxlanılıb. Sonradan istintaq yolu müəyyən edilib ki saxlanılan şəxslər tanışları - Şəmkir sakini 32 yaşlı Aydın Rüstəmov, Gədəbəy sakini 40 yaşlı Arzu Əliyev və hələlik adı istintaqa məlum olmayan şəxslə birlikdə Gədəbəy rayonunun Slavyanka kəndində quldurluq hadisəsi də törədiblər.
Şəmkir rayon Polis Şöbəsinin rəis müavini Ramil Mustafayevin sözlərinə görə, Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan Rüstəmov Mikayıl oğlunun yaşadığı ünvana maskalı halda qanunsuz daxil olaraq oradan 4300 manat və 300 ABŞ dolları eləcədə xeyli miqdarda qızıl zinət əşyalarını quldurluq yolu ilə əldə ediblər. Həmin şəxslər tərəfimizdən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Zakir Rüstəmovun evinə gecə saatlarında daxil olan maskalı şəxslər Rüstəmovun gəlini və nəvəsinin əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıblar. Sonra isə onları bıçaqla hədələyərək pul və qiymətli əşyaların yerini deməyi tələb ediblər. Bu üsulla evdən xeyli miqdarda nağd pul və qızıl zinət əşyalarını götürən dəstə üzvləri daha sonra ərazidən uzaqlaşıblar.
Saxlanılan şəxs Firdovsi Kərimov cinayəti etiraf edib: “Mağazadan corab sonra isə
aptekdən əlcək götürüb Gədəbəyə getdik. Sonra maşınla həmin ünvana çatdıq. 3 məhəllə keçəndən sonra ot bağlamasının arxasında gizləndik”.
Aydın Rüstəmov basqın etdikləri evdə uşağın əl-qolunu bağladıqlarını deyib: “Məhəllə qapısından içəri daxil olduq. Əvvəlcə uşağın əl qolunu bağladıq. Sonra mən qaldım uşağın yanında, onlar getdilər böyüklər olan otağa. Sonra isə hər şeyi pulu, qızılı götürüb çıxdıq. 3700 manat pul sayıldı gözümün qabağında, qızılın nə qədər olduğunu görmədim. Bir ədəd də qızıl saat gördüm. Başımızda maska əlimizdə əlcək vardı”.
Əldə etdikləri pulu dərhal öz aralarında bölən maskalı şəxslər qızıl zinət əşyalarını satmaq üçün dəstə üzvlərindən birinə veriblər. Həmin şəxs isə quldur dostlarına xəyanət edərək aradan çıxıb.
Saxlanılan Ramil Haqverdiyev oğurladıqları pul və qızılın özlərinə qismət olmadığını deyib: “Evə girdik qızıl və pulu götürdük. Pulu böldük. Qızılı isə bir nəfər bizim əlimizdən götürüb qaçırdı. Öz yoldaşımız apardı”.
Arzu Əliyev də quldurluğu bir yerdə etdiklərini deyir: “Pulu götürən sonra böldük, hərəmizə 700 manat pul düşdü. Bir yerdə daxil olub quldurluq etmişik”.
Cinayətkar dəstənin qızılları götürüb aradan çıxan üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Onların digər şəhər və rayonlarda da analoji cinayət hadisələri törətdikləri istisna edilmir.