Bakıda "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiya ilə bağlı dəyirmi masa keçirildi

Bu gün Daxili İşlər Nazirliyi və Avropa Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanda "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyanın müddəalarına əməl edilməsi ilə bağlı dəyirmi masa keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə Avropa Şurasının Tərəflər Komitəsi və İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspert Qrupu GRETA-nın 2014-cü ildə hökumətə təqdim etdiyi tövsiyələrin yerinə yetirilməsi müzakirə olunub.

 

Qeyd edilib ki, Azərbaycan 2010-cu ildə Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulub və sənəd həmin il oktyabrın 1-də Milli Məclis tərəfindən təsdiqlənib. Dəyirmi masa çərçivəsində ayrı-ayrı məsələlər üzrə dörd müzakirə panelinin keçirilməsi, Avropa Şurasının dəstəyi ilə Azərbaycanda Konvensiyanın  icrasını gücləndirmək məqsədilə görüləcək tədbirlərin müəyyən edilməsi də nəzərdə tutulub.

 

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayev, GRETA-nın Azərbaycan üzrə əlaqələndiricisi İlkin Qurbanov, Avropa Şurasının İnsan Alveri ilə Mübarizə Bölməsinin inzibatçısı İta Mirianişvili və digər qonaqlar iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv