Bakıda tanınmış cərrahın evini soyan əmioğlulara 18 il iş verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Astara rayon sakini Elvin Əliyev və onun əmisi oğlu Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA TV-nin "Lent.az"a istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə görə, hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPİ) 37-ci Polis Bölməsi (PB), Lənkəran Şəhər Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan 1977-ci il təvəllüdlü Mircəlal Mirkazım oğlu Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Füzuli Zeynalov da tutulub.
Evindən oğurluq edilən Mircəlal Kazımi tanınmış cərrah-transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır.