Şəkidə körpələr evi-uşaq bağçası əsaslı təmir olunub
Şəki şəhərində 28 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, bu münasibətlə təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkilləri Yaqub Mahmudov və Cavanşir Feyziyev və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə bildirilib ki, ötən ilin oktyabr ayında başlanılan əsaslı təmir tikinti işləri nəticəsində körpələr evi-uşaq bağçasının binasının daxili interyeri tamamilə dəyişdirilərək müasir səviyyəyə çatdırılıb. Eyni zamanda binada müasir istilik sistemləri quraşdırılıb. Bağçada 5 qrupda 100 uşağın tərbiyəsi nəzərdə tutulur. Hazırda bu müəssisədə balacaların tərbiyəsi ilə 12 müəllim-tərbiyəçi və 17 texniki işçi məşğul olur. Tədbirdə o da bildirildi ki, yaxın gələcəkdə rayonda daha iki uşaq bağçasının əsaslı təmiri , birinin isə yenidən tikilməsi nəzərdə tutulur.