Şirvanda kriminal “razborka” davam edir: iki nəfər həbs edildi

Noyabrın 5-də Şirvan şəhərindəki kafedə iki nəfərin ölümü ilə nəticələnən silahlı insidentlə əlaqədar iki nəfər həbs edilib.

 

Şirvan şəhər prokurorluğundan APA TV-nin Mil-Muğan bürosuna verilən xəbərə görə, silahlı insidentlə əlaqədar Şirvan şəhər məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - qətli törədən 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu (bir müddət əvvəl Samur keçid məntəqəsində həbs edilib) barədə 4 ay, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barədə isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, noyabrın 5-də gecə saat 23.00 radələrində Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib. Belə ki, kafenin otağında Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Əli Ağaminin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisindən götürülüb.

 

Silahlı insidentlə əlaqədar daha bir neçə nəfər Şirvan şəhər prokurorluğu tərəfindən yaradılmış  istintaq qrupu tərəfindən dindirilir.

 

Qeyd edək ki, Elvin Nəciyevi qətlə yetirən Əli Rasim oğlu Ağami Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb. Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. O da məlum olub ki, cinayətdə istifadə olunan “Makarov” tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı