Azərbaycana narkotik keçirən İran vətəndaşı yaxalandı

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik maddə alverçiləri yaxalanıb.

 

APA TV-nin Cənub bürosunun məlumatına görə, İran İslam Respublikasının vətəndaşı Lətifi Qulamzadə noyabrın 9-da Azərbaycan dövlət sərhədini qanunsuz keçərək özü ilə 1 kiloqram 3 qram narkotik maddə olan heroini satış məqsədilə ölkəmizin ərazisinə keçirməyə nail olub.

 

Daha sonra o, Cəlilabad şəhər sakini olan tanışı Elməddin Mehman oğlu İsbatovla rayonun Məlikqasımlı kəndində görüşərək, narkotik maddəni tapşırılan ünvana çatdırmaqdan ötrü onunla birlikdə taksiyə əyləşib. Polis əməkdaşlarının yolda keçirdikləri əməliyyat tədbirləri zamanı hər iki şəxs narkotik maddəni ataraq qaçmaq istəsə də, buna nail ola bilməyiblər.

 

İlkin araşdırmalardan sonra məlum olub ki, saxlanılan İran vətəndaşı əvvəllər də Azərbaycan ərazisində həbs olunub və sonradan ölkəsinə təhvil verilib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv