Fransanın yeni səfiri: “Azərbaycandakı sabitlik və dini tolerantlıq Avropa üçün nümunə ola bilər”

Azərbaycan prezidenti İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezin etimadnaməsini qəbul edib.

 

APA TV-nin məlumatına görə, səfir Orelia Buşez fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini dövlət başçısına təqdim edib.

 

Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Azərbaycanla Fransa arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Fransa prezidenti Fransua Ollandın bir il ərzində iki dəfə Azərbaycana, özünün isə Fransaya səfərlərinə toxunan dövlət başçısı ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

 

Orelia Buşez isə bildirib ki, o, Fransanın Azərbaycanda səfiri olmasından məmnundur və şərəf hissi keçirir. Azərbaycanın gözəl ölkə, Bakının isə ecazkar şəhər olduğunu vurğulayan fransalı diplomat paytaxtımızda qədim və müasir arxitekturanın uğurlu sintezinə valeh olduğunu deyib. Ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərin də onda dərin təəssürat yaratdığını deyən səfir Azərbaycandakı sabitliyi və dini tolerantlığı yüksək qiymətləndirərək bunun Avropa ölkələri üçün də nümunə ola biləcəyini vurğulayıb.

 

Görüşdə Ermənistan-Azərbaycan  münaqişəsinin tezliklə və ədalətli həll olunması, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar, kosmik sənaye, infrastruktur, nəqliyyat, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv