Sisyanovun Cavad xana məktub yazdığı yerdən REPORTAJ

Orta əsr tarixçiləri Azərbaycanın, abad və zəngin şəhərləri arasında Şəmkir şəhərinin də adını çəkirlər. APA TV-nin məlumatına görə, mənbələr ərəb fəthləri dövründə Şəmkirin artıq bir şəhər kimi mövcud olduğunu göstərir.

 

Böyük İpək yolunun üzərində yerləşən Şəmkir şəhəri IX əsrin ikinci yarısı - X əsrdə yüksəliş dövrü keçirərək, mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilib. Orta əsr Şəmkir şəhərinin xarabalıqları Şəmkirçayın sol sahilində, Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri onun orta əsr düzən şəhərlər üçün səciyyəvi olan bütün əlamətlərə malik olduğunu göstərir. 2006-2009-cu illərdə şəhər yerində altı sahədə arxeoloji qazıntılar aparılıb.

 

Bura orta əsr Şəmkir şəhəridir. Ərazisi 30 hektardır. Burada qazıntı aparılması orta əsr Azərbaycan şəhəri haqqında ətraflı məlumat almağa kömək edir. Tarixçilərin fikrincə, şəhər 1231-ci ildə monqolların yürüşü zamanı dağıdılıb. Ancaq rus qarnizonu 1800-cü ildə burada məskunlaşıb. Sisyanov Cavad xana məktublarını da buradan yazıb. Elə qazıntılar zamanı rus qızıl pulları, Bizans pulu, rus şərabları tapılıb.

 

Arxeoloji qazıntılar aparılan yerdə 3 hissəli şəhər tipi olub - inzibati idarəçiliyin mövcud olduğu Narınqala, qala divarları ilə hasarlanmış Şəhristan və qala divarlarının arxasında salınmış məhəllələr olan Rabat hissəsi.

 

Bura isə məşhur Narınqaladır. 2006-cı ildən başlayan qazıntı işləri hələ də davam etdirilir və hər gün yeni tapıntılar əldə edilir. Hazırda isə qazıntı işləri bu pilləkəndə aparılır. 7 metrə qədəri aşkar olunub. Ancaq tarixçilər hesab edir ki, işlər bununla bitmir. Pilləkən vaxtilə həbsxana kimi istifadə olunan əraziyə gedib çıxır.

 

Narınqalada üzə çıxarılmış qəsr divarı ilə möhkəmləndirilmiş IX-X əsrlərə aid monumental binanın arxeoloji qazıntısı xüsusi maraq doğurur. Binanın dördbucaq biçimli, sütunlu həyəti ətrafında 10 otaq yerləşib. Otaqların qapısı həyətə açılıb. Otaqlardan beşi artıq arxeoloji qazıntılarla öyrənilib. Binanın divarlarında hörgünün alt cərgələri çay daşından, üst cərgələr isə çiy kərpicdən hörülüb. Kompleksin divarlarının qalıqlarının hündürlüyü 3,8 metrə çatır. Döşəmə təmizlənərkən xeyli miqdarda vaxtilə binanın karnizini təşkil edən gəc bəzək fraqmentləri tapılıb. Həmin fraqmentlər üzərində oyma üsulla salınmış həndəsi və nəbati naxış elementləri, ərəb əlifbasının ayrı-ayrı hərfləri var.

 

AMEA-nın elmi işçisi Rəşid Bəşirov şəhər ərazisində 8 qazıntı sahəsində iş aparıldığını bildirib: "Çoxlu sayda memarlıq abidələri, yaşayış evlərinin qalıqları, saxsı qablar, metal əşyalar, ox ucluqları, orta əsr dünyasına aid pul vahidləri, xilafət pulları, Atabəylərə aid pullar, gürcü pulları, XI əsrə aid Bizans qızıl pulları aşkar olunub. Şəhərin inkişaf dövrü Şəddadilər və Atabəylər dövründə olub. Şəhərin tənəzzül və süqut dövrü 1231-ci ildə monqol işğalları dövrünə düşüb. Şəhər dağıdılıb və bir neçə min insan məhv edilib. Bundan sonra şəhərdə yaşayış olmayıb".

 

Tarixçilər hesab edir ki, şəhərdə arxeoturizm üçün münbit şərait var. Qazıntı işlərində iştirak edən dünya arxeoloqları da bunu təsdiq edir. Bu səbəbdən turizm şirkətləri yeni marşrutlarına bu ərazini də əlavə edəcəklər. Turizm şirkətlərindən birinin əməkdaşı Cavid Gəraylı ilk dəfədir burada olduqlarını qeyd edib: "Ərazi çox möhtəşəmdir. Biz də çalışacağıq ki, yeni turların proqramlarına bu ərazini salaq, xarici turistlərimizi buraya cəlb edək ki, öz tariximizi onlara tanıdaq".

 

Qazıntı işləri aparan Elçin Niftəliyev gün ərzində neçə saat işlədiklərini açıqlayıb: "Gün ərzində 8 saat işləyirik. Nəsə aşkar olunanda mütəxəssislərə xəbər edirik, onlar təmizləyib baxır".

 

Orta əsrlərdə Azərbaycanda şəhərlərin idarə aparatı sakinlərin suya ehtiyacını ödəmək, su təchizatı sisteminin təşkili və onun saz vəziyyətdə saxlanması üçün təbii coğrafi şəraitdən asılı olaraq quyu, arx, kəhriz və saxsı tünglərdən quraşdırılmış su kəmərləri inşa edirdilər. Arxeoloji tədqiqatlarla Şəmkir şəhərinin su ilə təchizatında kəhriz qurğularından istifadə olunduğu təsdiqlənib. Qazıntılarda əldə olunmuş tapıntılar qeydiyyata alınır və bəzi hissəsi Tarix Etnoqrafiya Muzeyində, bəziləri isə Şəmkir rayonundakı bazada saxlanılır.

 

O dövr üçün olduqca böyük tikinti sayılan bu su quyusu şəhərin şərq hissəsində yerləşir. Narınqala ərazisində yaşayan insanların su ehtiyaclarını təmin edirmiş. Təxminən 6-7 metr uzunluğundadır, 13 pillədən ibarətdir. Bu kəhrizə su dağlardan su kanalları vasitəsi ilə gətirilirmiş.

 

Arxeoloji info-turun növbəti dayanacağı Tovuz rayonunda yerləşən qədim Göytəpə yaşayış məskənidir.

 

Göytəpə yaşayış məskəni Gəncə-Qazax bölgəsinin ən qədim yaşayış məskənidir. Ərazi 2 hektardır. Burada qazıntı işləri davam etdirilir. Ancaq yağışlı havalarla əlaqədar abidənin üstü bağlanıb. Gələcəkdə buranın park elan edilməsi nəzərdə tutulub. Burada tapılan abidələrin daş dövrünə aid olması sübut olunub.

 

Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır AMEA-nın işçisi Zəki Cəfərov yaxınlarda burada parkın tikintisinin başlanacağını bildirib: "Böyük miqyaslı qazıntılar getmir. Prezidentin sərəncamına əsasən arxeopark elan olub Tikinti başlanıb abidənin üst örtüyü bağlandıqdan sonra qazıntı işləri aparılacaq. Bizimlə birlikdə Yaponiyanın Tokio Universitetinin və Fransanın tanınmış arxeoloqları qazıntı işləri aparırlar".

 

2008-ci ildən başlayaraq burada hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılıb. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaradıb. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.

 

Müəllif | Apa.Tv